Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Quran Allahın ziyafət süfrəsidir

Quran Allahın ziyafət süfrəsidir

  • Quran Allahın ziyafət süfrəsidir

     “Quran Allahın ziyafət süfrəsidir. Bacardığınız qədər bu ziyafətdən faydalanın”
    Qurani-kərim Allahın yer üzünə göndərdiyi sonuncu və Qiyamət gününə qədər təhrif edilmədən qorunulacaq müqəddəs kitabdır. İslam peyğəmbərinə (s) iyirmi üç il ərzində nazil olan bu kitab həqiqətləri aydınlaşdırır, keçmiş ümmətlərin başına gələn ibrətamiz hadisələrdən xəbər və düşüncə sahiblərinə nəsihətlər verir. Qurani-kərimdə Quran haqında oxuyuruq:
    “Həqiqətən, Biz (Quranda) sizə (haqqı nahaqdan ayırd edən) açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-gedənlər (keçmiş ümmətlər) barəsində məsəllər (hekayətlər) və müttəqilər üçün öyüd-nəsihət nazil etdik”. (“Nur”, 34.)
    Quranda olan bilgi və qanunlar, fəsahət və bəlağət (üslubiyyət) o qədər zəngin və dəqiqdir ki, bütün insan və cinlər əl-ələ versələr belə onun mislini gətirə bilməzlər. Quran buyurur:
    “(Ya Peyğəmbərim!) De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər". (“İsra”, 88.)
    İslam Peyğəmbəri (s) Quran haqqında çox gözəl buyurur:
    “Quran Allahın ziyafət süfrəsidir. Bacardığınız qədər bu ziyafətdən faydalanın”. (“Vəsail əş-şiə”, c. Səh. 168.)
    Allah-taala “Ənam” sürəsində axirətə inananlrın Quranı təsdiq etməsini, Quranı qəbul edənlərin isə namaz əhli olduğunu qeyd edir:
    “Bu (Quran) da mübarək (xeyir-bərəkəti daimi, faydası çox olan), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar)”. (“Ənam”, 92.)
    Qurani-kərimdən faydalanıb, ona diqqət edənlər şübhəsiz ki, Allaha ibadət edir, namazlarını vaxtında qılırlar. Allah-taala belə şəxslərin əməlisaleh və mükafata layiq olduğunu buyurur:
    “Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!” (“Əraf”, 170.)
    Başqa bir ayədə isə Quran oxuyub, namaz qılan və Allahın onlara bəxş etdiyi ruzilərdən ehsan verən şəxslərin savabı isə tükənməz olacağı haqında qeyd edilir:
    “Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarət (savab) umarlar…” (“Fatir”, 29.)